KANAL24.AZ
Az Iw En Ru

"Vəzifəli şəxslərin bu xarakterdə olması çox vacibdir"

Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-yə rəis təyin olunduqdan sonra bu sahədə bir sıra ciddi irəliləyişlər hiss olunmağa başlayıb.
 
"Artıq demək olar ki, yeni rəhbər dəmiryol sahəsində illərdir yığılıb qalan problemlərin əksəriyyətini aradan qaldırıb. Hər hansı bir regiona qatarla səfər etmək kifayət edər ki, bu sahədə aparılan işlərin şahidi olasan".
 
Əlbəttə, bir zamanlar vaqonlarda üfunətdən nəfəs kəsilirdi. Natəmizlik, səliqəsizlik və qanunsuzluq baş alıb gedirdi. Ona görə də həmin nəqliyyat növündən istifadə edənlərin sayı az olurdu. Nəticədə vaqonların əksəriyyəti boş gedib-gəlirdi ki, bu da dövlət büdcəsi üçün rentabelli deyildi. Amma indiki mənzərə tamam başqadır. Qatarlar artıq beynəlxalq standartlara tam cavab verir. Vaqonlarda yaradılmış səliqə-səhman, nizam-intizam və sərnişinlərə göstərilən xidmət çox yüksək səviyyədədir. Bundan başqa, sabiq rəisin dövründə vətəndaşların daha çox əziyyət çəkdiyi məsələlərdən biri də biletlərin tapılmaması idi. Bir sözlə, biletləri kassalar deyil, xəzinədarların "əli” ilə müəyyən işbazlar satırdılar. Vətəndaşlar kassalara yaxınlaşdıqda "bilet yoxdur” deyirdilər və elə bu əsnada görürdün ki, kənardan işbazlar yaxınlaşıb, öz dəyərindən kifayət qədər baha qiymətə bilet təklif edir. Körpə uşaqla uzun yola çıxan ailələr isə məcbur qalıb işbazın diktə etdiyi pulu ödəyib bilet alırdı. Buna rəğmən, hazırda belə hallar tamamən ortadan götürülüb və bilet satışında oxşar hadisələr müşahidə olunmur. Əlbəttə, bütün bunlar C.Qurbanovun həmin idarəyə təyinatından sonra baş tutub. "Yeni Müsavat”a açıqlamasında yeni rəisin söylədiyi "belə bərbad vəziyyətlə üzləşəcəyimi ağlıma gətirməzdim” ifadəsi isə düşüncələrimizdə haqlı olduğumuzu sübut edir. Bu faktları nəzərə alıb, dəmiryol sahədəki müsbət dəyişikliklərlə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik. O, bildirdi ki, C.Qurbanov təşkilatçı kimi Azərbaycanda seçilən insanlardan biridir: "Onun iş prinsipi ilə təqribən tanışam. Milli Məclisdə həmkarımız olduğuna görə demirəm. Gecə-gündüz öz işinin üzərində dayanan, işlərini keyfiyyətli şəkildə başa çatdırmağa çalışan insandır. Əslində, vəzifəli şəxslərin bu xarakterdə olması olduqca vacibdir. Hər kəs öz işinə görə, məsuliyyət daşımağı bacarmalıdır. Ona görə də bu sahədə müsbət dəyişikliyin ediləcəyinə ümidim vardı. Bir dəfə qatarla səyahət etməli oldum. Mənim üçün də çox maraqlı gəldi. İnsanlar da xeyli dəyişikliyin olduğunu vurğulayırdılar. Bu, çox müsbət haldır. Hər bir məmur hansısa bir vəzifəyə təyin olunanda özündən əvvəlki rəisin, sədrin, rəhbərin yaxşı işlərini davam etdirməlidir. Pis işlərini isə ortadan qaldırmalıdır. Həmin müsahibəni oxuduqdan sonra qərara gəldim ki, həqiqətən də bu sahədə, ən azı ümidverici dəyişikliklər var və bu müsbət haldır”.
 
F.Mustafanın sözlərinə görə, maşınların azaldılması və xüsusilə də aztəminatlı insanların hərəkət etməsi üçün dəmiryol nəqliyyatının inkişafına ehtiyac var: "Bir vaxtlar paytaxt Bakıda "tramvay şəhərə yaraşmır” adı altında reysləri söküb satdılar və milyonlar qazandılar. Tramvayın olmaması, şəhərdə nəqliyyat yükünü artırdı. Hamı şəxsi avtomobili ilə hərəkət edir. İşləri elə qurmaq lazım idi ki, insanlar şəxsi avtomobilə çox üstünlük verməsinlər. Daha çox nəqliyyat vasitələrindən istifadə etsinlər. Təəssüf ki, biz bunu bacarmadıq. Kiminsə tamahı, iştahası imkan vermədi ki, insanlar o sahəni normal səviyyəyə çatdırsınlar”.
 
Eyni zamanda F.Mustafa qeyd etdi ki, Bakı kəndlərinə olan qatar xətlərinin ortadan qaldırılması da yanlış addım idi: "Çünki asfalt ekoloji cəhətdən də faydalı deyil. Vətəndaş üçün dəmiryol xətlərinin saxlanılması daha səmərəli olardı”.
 
Milli Məclis üzvünün fikrincə, biz müharibə aparan dövlət olduğumuz üçün bölgələrə dəmiryol xətlərinin olması önəmlidir: "İnfrastrukturumuz ciddi daşınmalar tələb edir. Tankı döyüş bölgəsinə daşımaq üçün əlverişli variant dərmiryollarıdır. Biz bundan çox hallarda istifadə edə bilmirik. Bölgənin müxtəlif yerində bunu təşkil etmək strateji baxımdan da vacibdir. Həm də vətəndaşın işinin yüngülləşdirilməsi və az xərclə təyinat yerinə çatması üçün də bu işlərin görülməsinə ehtiyac var. Ümid edirəm ki, C.Qurbanovun bu yöndəki səyləri nəticə verəcək”.
 
Deputat diqqətə çatdırıb ki, dərmiyolu yalnız vətəndaş daşınmasından ibarət deyil. Bu, həm də yükdaşıma baxımdan əhəmiyyətlidir: "Ona görə həmin sahədə işlərin görülməsi hamımızın marağında olmalıdır. Bu, həm də ölkənin valyuta ehtiyatları və gəliri üçün vacibdir. Təəssüf ki, uzaqgörən düşüncə olmayanda, bu istiqamətdə ağıllı siyasət aparmayanda problemləri aradan qaldırmaq çətin olur. Təsəvvür edin, bir dəmiryol xəttini çəkmək nə qədər baha başa gəlir. Bakı, Tiflis və Qars layihəsinin gerçəkləşməsi illərdir davam edir və böyük məbləğdə pullar xərclənib. Bu layihənin olması, Naxçıvanla kommunikasiyanın İransız qurulmasına çox böyük fayda verə bilərdi. Yükdaşımada və əhalinin hərəkəti üçün də faydalı olardı. Bütün bunların hamısı ölkəmiz üçün lazımdı”.
 
Millət vəkili onu da əlavə edib ki, biletlərin satışında yaranan çətinliklər korrupsiya mənbəyidir: "Harada bilet çətindirsə, demək ora korrupsiya mənbəyidir. Əvvəllər dəmir yolunda da vardı belə hallar. İndi isə bilet almaq rahatlaşıb. Yəni korrupsiya ortadan qalxıb”. ("Şərq" qəzeti)

 

 

 


18:59 12.02.2016